Ana Səhifə /Təbriklər /Abbas Mazanov

ABBAS VƏFADAĞLI - 90

19.03.2019-cu il tarixində Göyçə mahalının tanınmış şəxsiyyəti, el ağsaqqalı, ziyalı, şair Abbas Əli oğlu Mazanovun (Abbas Vəfadağlı) 90 illik yubileyi keçirilmişdir. Təntənəli yubiley tədbirində Göyçə mahalının, Qərbi Azərbaycanın və Cənubi Azərbaycanın bir sıra tanınmış şəxsiyyətləri, ziyalıları iştirak etmişdir. Tədbirdə çıxış edənlər Abbas müəllimin həyat yolundan, xatirələrdən, yaradıcılığından söz açmışlar, Cənubi Azərbaycandan gəlmiş saz-söz ustadları şairin sözlərindən ibarət aşıq havaları ifa etmişlər.

Bütün Qərbi Azərbaycanlılar adından Abbas müəllimi 90 illik yubileyi münasibətilə təbrik edirik, can sağlığı, həyatında xoşbəxtlik, yaradıcılığında uğurlar, 100 illik yubiliyenin doğma Cil kəndində qeyd etməsini arzulayırıq. Abbas Vəfadağlı bir neçə şeirlər kitabının müəllifidir. Şeirlərindən "Göyçə" adlı şeirlini sizlərə təqdim edirik.

Göyçə
Elimin,günümün yadigarısan,
Sənsən vəfadarım,vəfalı Göyçə.
Qüdrətin kərəmi bəxş edib sənə,
Hüsnü,gözəlliyi,kamalı Göyçə.

Günəşin nurusan,ərşin mehtabı,
Güllərin andırır Quran kitabı,
Buludlar çöhrənə tutub nibabı,
Abırlı,ismətli,həyalı Göyçə.

Sənin də mənim tək vardır məlalın,
Misgin,Məhərrəmin,Nəcəfin,Alın,
Yunis,Əsəd kimi cahın-cəlalın,
Aşıq Ələsgərin mahalı Göyçə.

Sənsən elim-günüm,evim-eşiyim,
Çağlayan qoynunda cəkdin keşiyim.
Sən anamsan, Göyçə gölü beşiyim,
Nəğməli,dastanlı,laylalı Göyçə.

Çox olur mehmanın,heç gəlməz sana,
Hüsni-gözəlliyin sığmaz dastana,
Nə küskün baxırsan Azərbaycana,
Gözləri həsrətli naləli Göyçə.

Mən bir pərvanəyəm,sən bir çıraqsan,
Qəlbimlə əbədi bir yanacaqsan,
Məzar daşıma da yazılacaqsan,
Abbasın fikiri,xəyalı Göyçə.

Hörmətlə: cilliler.com saytının kollektivi.