Ana Səhifə /Cillilər /Müəllimlər /Abbasov əli

Post Title

Abbasov Əli-Cil kənd orta məktəbinin dərs hissə müdiri.

İki cəbhənin əsgəri-Dostluq qəzeti, 26 fevral 1985-ci il

Böyük Vətən müharibəsi başlananda Əli müəllim Cil kənd dərs hissə müdiri işləyirdi.Öz peşəsinə qəlbən bağlanan Əli müəllim sevimli şagirdlərinin doğma vətəninə layiq övlad kimi böyüməsi işində əlindən gələni əsirgəmir, onların elmin enişli-yoxuşlu yollarından alnıaçıq keçib getmələri üçün yorulmadan çalışırdı. Lakin bu, uzun sürmədi.Alman faşist işğalçılarının ölkəmiz üzərinə qəflətən və xaincəsinə hücumu hər yerə ildırım sürətilə yayıldı. Əli müəllimin də qəlbində azğın düşmənə qarşı dərin nifrət hissi oyandı.Doğma Vətənə qəlbən bağlı olan bu gənc müəllim həmin il tank qoşunları yaradılması üçün ailəsi ilə birlikdə 2500 manat pul vəsaiti verdi.Sonra isə könüllü olaraq cəbhəyə getdi.

O, 1942-ci ilin may ayında Xarkov şəhəri ətrafında azğın düşmənlə ilk dəfə üz-üzə gəldi.897-ci atıcı polkun tərkibində vuruşan əli müəllim Xarkov ətrafındakı yerlərin düşməndən azad edilməsi, düşmənin tutduğu mövqedən qovulması uğrunda gedən mübarizədə igidliklə vuruşdu.Ağır döyüş başlandı.Hər ev, hər küçə uğrunda gərgin döyüş gedirdi.Dəqiq düşünülüb həyata keçirilən əməliyyat düşmənin planlarını alt-üst etdi. Çoxlu əsir tutuldu, hərbi sursat ələ keçirildi.Həmin döyüşdən sonra şəhər və kəndlərin bir hissəsi faşist işğalçılarından azad edildi. Başqa döyüşçü yoldaşları ilə birlikdə igidliklə vuruşan Əli Abbasov ağır döyüşlərin birində-İzyum şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanaraq hərbi qospitala düşür.Ağır yara alan döyüşçü müalicə alıb qurtardıqdan sonra yenidən ön cəbhəyə yollanır.Qədim Ukrayna torpağının düşməndən azad edilməsi uğrunda mübarizəyə qoşulur..Burada bir neçə rayon və kəndin, yaşayış məntəqələrinin azad olunmasında iştirak edir. Ukrayna torpağındakı döyüşlər zamanı Ə.Abbasovun xidmət etdiyi 35-ci qvardiya diviziyası Baş ştab tərəfindən mükafatlandırılmışdır.

Ə.Abbasov Ukraynanın Novokrasnoyanka kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı ikinci dəfə ağır yaralanır.O, yenidən hərbi qospitala düşür və bu dəfə aldığı yara onun bir daha ön cəbhədə gedən döyüşlərdə iştirak etməsinə imkan vermədi.Lakin buna baxmayaraq Ə.Abbasov 1945-ci ilin oktyabr ayının axırına kimi arxa cəbhədə çalışmış, həmin ilin noyabr ayında isə ordudan tərxis olunaraq doğma kəndinə qayıtmışdır.

Artıq müharibənin son gülləsinin susduğu gündən 40 ilə yaxın vaxt keçir.Bu illər ərzində Əli müəllim doğma kəndində müəllim, dərs hissə müdiri direktor işləyərək gənclərin tərbiyəsi işində də yorulmadan çalışmışdır.O, həmçinin kolxoz partiya təşkilatının katibi, kənd Sovetinin sədri vəzifələrində də işləmiş, burada da hamının hörmətini qazanmışdır.

Ziyəddin Allahverdiyev