Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Ələkbərov Vüqar

Post Title

Ələkbərov Vüqar Abbas oğlu.

VÜQAR KİMDİR...

Vüqar Abbas oğlu Ələkbərov 1973-cü ilin 6 aprel günü Bakı şəhərində doğulub.Əslən Göyçə mahalının Cil kəndindəndir.1981-ci ildə Nərimanov rayonundakı 45 saylı orta məktəbin 1-ci sinfinə gedib.1990-cı ildə orta məktəbi bitirməsi haqda attestat alıb.Hələ məktəbdə oxuduğu illərdə ictimai işlərdə fəallıq göstərib, coğrafiya kabinetinin təşkilində lazımi lövhələırin işlənməsində, rəsmlərin çəkilməsində xüsusilə fərqlənib.

1990-cı ilin qanlı Yanvar gecəsi Səttarxan adına zavodun yanındakı qırğında olub, təsadüf nəticəsində salamat qalıb.Həmin il Bakı Maşınqayırma texnikumuna daxil olub.Ölkəmizdə ölüm-dirim mübarizəsi getdiyi günlərdə imperiyanın sədaqətli nökərləri Vüqarı Samara vilayətinin Sızran şəhərinə hərbi xidmətə göndərdilər.O, qırmızı orduya xidmət etmək məcburiyyətində olsa da, ürəyi Qarabağda döyüşən soydaşlarının yanında qalıb.

Vüqar artıq hər şeyi bilirdi.Bilirdi ki, azərbaycanlıları rus ordusuna göndərirlər, erməniləri isə Azərbaycan torpağını işğal etməyə...

Çox ərizə, müraciətdən sonra Vüqarı Azərbaycana göndərdilər.Bu qeyrətli oöul ilk gündən 831-ci Ağcabədi batalyonunun tərkibində ön cəbhədə düşmənlə döş-döşə dayandı.Burda yəqin etdi ki, bir az əvvəl əsgəri olduğu rus ordusu ermənilərin arxasında necə dayanıb...

Xocavənd rayonunun bir çox kəndlərinin azad edilməsi uğrunda qızğın döyüşlər gedirdi.Təpədən-dırnağa kimi silahlanmış vəhşi təbiətli düşmənə qarşı Vüqar və onun döyüş yoldaşları mərdliklə döyüşürdülər.Muğanlı, Krapatkin, Əmirallar kəndlərinin qorunması uğrunda ən ağır döyüşlər gedirdi.Sentyabın 22-dən 28-nı qədər düşmən əsgərimizin müqavimətini qıra bilmədi...

1992-ci ilin oktyabrın 1-dən 2-nə keçən gecə düşmən üç istiqamətdən güclü texnikanın müşaiyəti ilə hücuma keçdi.Qeyri-bərabər döyüşdə hər 3 kənd ermənilər tərəfindən ələ keçirildi.

Həmin döyüşlərdə düşmən gülləsinə tuş gələn Vüqar ömrünün 20-ci baharında qəhrəmanlıqla əbədiyyətə qovuşdu.

Hər gün onun yolunu səbirsizliklə gözləyən qardaşları Xaqani və İlqar Vüqarın cənazəsinə girdilər...

Səlvi xanım isə göynəyirdi:

Beşiyin başında layla çalmışam,
Uzun gecələri oyaq qalmışam.
Səni itirmişəm, yazıq olmuşam,
Haradasan, hardasan Vüqarım mənim!
Bəxtimə yazılan kədərim mənim!

Xonça tutub, gələmmədim toyuna,
Qaldırıb qol, girəmmədim oyuna.
Olum qurban, oğlum, şümşad boyuna,
Haradasan, hardasan Vüqarım mənim!
Bəxtimə yazılan kədərim mənim!

Belə bir qorxmaz, igid, şücaətli oğul böyüdən ata-ana bu ağır itkini ən ağır dərd kimi sinələrinə yazdılar.

Vüqarın atası Abbas ali təhsilli inşaat mühəndisidir.Uzun müddət Bakının müxtəlif tikinti təşkilatlarında inşaatçı kimi çalışıb.

Anası Səlvi xanım müəllimədir.25 ildir ki, Bakıdakı 82 saylı texniki-peşə məktəbində müəllimə işləyir.O, böyük bir nəslin nümayəndəsidir.Onun atası aşıq Oruc, əmiləri aşıq Müseyib, aşıq Kazım, aşıq Əli, babası aşıq Qasım Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələridir.

Vüqar müqəddəs Şəhidlər xiyabanında uyuyur.Onun qəbri dost-tanışlar, qohum-qardaşlar üçün zyarətgaha çevrilib...

Mən Vüqarın atası Abbas kişi ilə üz-üzə dayanıram.Şəhidlər haqqında bir kitab yazdığımı deyirəm...O, razılıq edib köksünü ötürür.

Əjdər Qəmginin Səlvi xanıma yazdığı bir şeir bütün şəhid analarının ürək yanğısıdır.

Bilirəm kədərin böyükdən böyük,
Ağırdan ağırdı çəkdiyin bu yük.
İtirdin günəşi, qaraldı üfüq,
Dözürsən dərdlərə, a Səlvi ana!

Şah dayan, əyilmə dəyanətinlə,
Tarixə yazılan mətanətinlə.
Vətənə, ellərə sədaqətinlə,
Yüksək üfüqlərə, a Səlvi ana!

Oxşa Vüqarını körpələr kimi,
Dinləyim laylanı nəğmələr kimi.
Qovuş fırtınalı dənizlər kimi,
Sulara, sellərə, a Səlvi ana!

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından