Ana Səhifə / Güneyli Yusif- Ləyaqətlə yaşanan ömür (Ziyalı ömrü).

Ləyaqətlə yaşanan ömür (Ziyalı ömrü)

Allah-Talanın bizlərə bəxş etdiyi ömürü, onun mənasını hərə bir cür dərk edir və yaşayır.

Kimiləri bu dünyada mövcud olduqları zaman kəsiyində (40 il, 50 il, 70 il) çalışıb vuruşur, yalnız öz ailəsinin, tayfasının və şəxsi mənfəətlərinin arxasınca qaçaraq, həyat səhnəsində epizodik olaraq görünüb, sonra da izsiz-tozsuz əbədiyyət qaranlıqlarına yuvarlanırlar.

İnsanlar da var ki, onların ömürü təkcə öz ailələri, tayfaları üçün deyil, onu tanıyan, onu əhatə edən bütün insanlar üçün bir örnək, bir nümunədir. Onlar özlərindən (cismani ölümlərindən) sonra da çoxlu xeyirli işlər amallar qoyub gedirlər. Uzun zaman kəsiyində belə insanları rəğbətlə anır və yad edirlər, daim onlara Allahdan rəhmət diləyirlər.

Belə insanlardan biri də bizim sevimli müəllimimiz Şərif bəy Namazov idi. Xeyli müddətdir ki, o, cismən bizim aramızda yoxdur, lakin onun şəxsiyyətinin cazibəsi və nuru hələ də bizi tərk etməmişdir, yəqin ki, biz mövcud olduğumuz sürəcdə də o bizi tərk etməyəcəkdir. Allah sənə rəhmət eləsin, sevimli müəllimimiz!..

Şərif bəy Namazov ucqar bir dağ kəndində (feodal-patriarxal adət-ənənələrinin, tayfa münasibətlərinin hələ də mövcud olduğu bir kənddə) nümunəvi bir məktəb yaratdı və uzun illər bu məktəbə rəhbərlik etdi. Onun idarəçiliyi dövründə təhsil yüksək səviyyəyə qalxdı, elmə, mədəniyyətə maraq durmadan artdı. Məktəbdə nizam-intizam yüksək səviyyədə idi.

İllər ötdü, zaman dəyişdi, hər şey tarı-mar oldu. İndi nə ozaman var, nə də o məktəb, lakin həyatda dəyişməyən bir şey var, o da Şərif müəllimin bizlərə göstərdiyi nümunə - insan və şəxsiyyət olmaq nümunəsi. O, hər şeyə rəğmən, şəxsiyyət olmağı bacardı. Bir müəllim kimi heç zaman alçalmadı və heç kəsi alçaltmadı. Daim öz vüqarlı duruşunu və təmkinini pozmadı, şagirdlərinə və insanlara təbəqəsindən, həyatdakı mövqeyindən asılı olmayaraq bir insan kimi yanaşdı.

Çox təəssüf ki, hamı onun nümunəsindən (həmişə olduğu kimi) yararlanmadı. Çoxları öz dədə-babalarının köhnə kepkasını və köhnə təfəkkürünü də başına qoyub gələcəyə (məchul gələcəyə) yollandı, dədə-babalarının köhnə vərdişlərini, köhnə peşlərini davam etdirmək üçün.

Hər şeyə rəğmən az bir hissə insan onun yönəltdiyi istiqamətə irəlilədi, onun işini davam etdirmək üçün, onun ümidlərini doğrultmaq üçün. “Ümid sonuncu ölür” – deyirlər. Belə insanlar həyatda da var olduqca, insanlıq və ümid hələ ölməyəcəkdir.

Şərif müəllim bizə ədəbiyyat dərsi keçirdi. O, klassiklərimizdən necə məhəbbətlə danışardı. Klassiklərimizin apardıqları mübarizələrinin əsl məğzinin, amaclarının nə olduğunu bizə məhəbbətlə izah edərdi.

Yadımdadır: - C. Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini oxuyarkən Novruzəlinin avamlığına, sadəlöhvlüyünə nə qədər gülmüşdük. Lakin illər keçdi, həyat bizi nə qədər dəyişdirdi. İndi mənim zavallı Novruzəliyə yazığım gəlir, nə qədər avam və sadəlöhv olsa da, o, saf birisi idi. Novruzəli öz ağasına sədaqətlə xidmət edirdi, hətta o, öz ağasının məktubunu götürdüyü üçün poçt işçisi ilə dalaşıb, polisə də düşmüşdü.

C. Məmmədquluzadənin Novruzəlisi ilə müqayisədə müasir Novruzəlilər daha yaramaz və təhlükəli məxluqlardılar. Onlar öz ağalarını beş qəpiyə satmağa daim hazırdırlar.

Mən əminəm ki, rəhmətlik C.Məmmədquluzadə indi yaşasaydı “Poçt qutusu” hekayəsini əsla yazmazdı, çünki, onun Novruzəliyə yazığı gələrdi.

Bütün bunları sadalamaqla onların əməyinə zərrə qədər də kölgə salmaq istəmirəm, söz gəlişi, müasir zamanla biraz müqayisəyə girişdim. Onlar-klassiklərimiz, həqiqi müəllimlərimiz öz tarixi missiyalarını ləyaqətlə yerinə yetirmişlər. Biz Onların-bütün müəllimlərimizin qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik və dyirik: “Behiştləri nurla dolsun” !

Güneyli Yusif

Bakı-2018.