Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Həsənov Allahverdi

Post Title

Həsənov Allahverdi Qurban oğlu.

HƏSƏNLƏ VÜQAR ATASININ İNTİQAMINI ALACAQLAR...

Vətəni,yurdu, ocağı həmişə qeyrətli oğullar qoruyub saxlamış və yaşatmışlar.Belə oğullardan biri də Allahverdi idi.

Allahverdi Qurban oğlu Həsənov 1960-cı ildə Cil kəndində doğulmuş, orada ərsəyə çatmışdır.O, hamı kimi məktəbə getmiş, 1977-ci ildə məktəblə vidalaşıb, göndərişlə Rostova işləməyə getmişdir.1979-81 ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur.Hərbi xidmətdən sonra Xarkov Hərbi Təyyarəçilər Məktəbinə daxil olub, fəqət anasının xəstə olduğunu eşidib Vətənə qayıtmışdır.1984-cü ildə yenidən Xarkova-hərbi məktəbə getmişdir.

Allahverdi təhsilini uğurla başa vurduqdan sonra, Gəncə şəhərinə gəlir, burada təyyarə mexaniki kimi fəaliyyətə başlayır.Ancaq çox keçmir ki, erməni taunu Azərbaycan torpağının üstünü alır.Erməni təcavüzü artdıqca onun səbri-qərarı tükənir, özünə yer tapa bilmir.Xocalı faciəsinin dəhşətləri isə onu tamam sarsıdır.Onun bu zaman keçirdiyi hissləri birgə yaşamış həyat yoldaşı Leyla xanım həmin günləri belə xatırlayır:”Xocalı faciəsinin dəhşətlərini televiziya ilə göstərirdilər.Allahverdi ona baxdıqca ürəyindən qara qanlar axır, az qalırdı uşaq kimi ağlasın.Elə onda mənə dedi ki, yox, bu müsibətdən sonra evdə isti otaqda otura bilmərəm”.Beləliklə, Allahverdi könüllü olaraq, cəbhəyə yola düşdü...Sinəsində Vətən dərdi...

Əzizim dərdim qaldı,
Sinəmdə dərdim qaldı.
Düşmən bir oyun açdı,
El köçdü yurdum qaldı.

Allahverdi torpaqlarımız uğrunda vuruşurdu.Qətiyyətli, dönməz, boylu-buxunlu bu igid neçə-neçə ağır döyüşlərdən şərəflə keçmiş, döyüş yoldaşları arasında xüsusi hörmət qazanmışdı.Hələ əsgərlik illərində aviasiya hissəsində xidmət edərək keçdiyi xüsusi fiziki hazırlıq cəbhədə onun karına çox gəlirdi.Kəlbəcərin sərt şaxtası dağlıq şəraitində yoldaşları kimi onu da az sınaqlara çəkməmişdi.

1 yanvar 1994-cü il...Bu gün Allahverdi Kəlbəcərin Yanşaq kəndi uğrunda gedən döyüşlərə atıldı, əsl qəhrəmanlıq nümunələri göstərdi və haqq dünyasına qovuşdu.Onunla eyni vaxtda əbədiyyətə qovuşanlardan biri də bakılı dostu Qulu Quliyev idi.

Allahverdi Gəncənin Şəhidlər xiyabanında uyuyur.Onun yadigar bir qızı, iki oğlu qalıb.Oğlanlarını təyyarəçi görmək istəyirdi.Leyla xanımın dediyinə görə, tez-tez uşaqlarını hava limanına aparıb onlara deyirmiş ki, gələcəkdə siz buradan uçacaqsınız.

Gün gələcək, Həsən və Vüqar atalarının arzularını həyata kecirəcək, müstəqil Vətənimizin səmalarında şəhid atalarının sönməz ruhu kimi pərvaz edəcək, düşməndən bu intiqamı alacaqlar.

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından