Ana Səhifə /Cillilər /Alimlər /Həsənov Mehman

Post Title

Mehman Hüseyn oğlu Həsənov- Texniki elmlər doktoru, professor, kafedra müdiri.

Həyatı və fəaliyyəti

Həsənov Mehman Hüseyn oğlu 23 dekabr 1959-cu ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1967-1977-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub.1977-1982-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.1982-1985-ci illərdə Moskva şəhərində, 1985-1986-cı illərdə isə Bakıda Azərbaycan Texniki Universitetində işləyib. 1986-1990-cı illərdə aspiranturada təhsil alıb.1990-cı ildə texniki elmlər namizədi adını alıb.1990-1997-ci illərdə Azərbaycan Texniki Universitetində dosent elmi dərəcəsi ilə baş müəllim işləyib.1997-ci ildən bu günə kimi rabitə sahəsində müxtəlif vəzifələrdə çalışıb.2004-cü ildən 2016-cı ilə qədər "Aztelekom İB”-də informasiya texnologiyaları sahəsi üzrə baş direktor müavini vəzifəsində işləyib. 2016-cı ildən bu günə qədər Azərbaycan Texniki Universitetində "Çoxkanallı sistemlər" kafedrasının müdiri vəzifəsində işləyir.

Müxtəlif illərdə respublika və beynəlxalq konfranslarda çıxış etmiş, 80-ə yaxın elmi məqalə, o cümlədən 6 ixtira, 3 monoqrafiyanın müəllifidir.Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüdür.

Mehman Hüseynoğlu həmçinin fərdi yaradıcılıqla da məşğuldur.Belə ki, 2 ədəd "Bu da bir dünyadır sözə köklənib...", "Yaşadığım ömür mənim deyilmiş" adlı şerlər kitabı çapdan çıxmış, 70-ə yaxın şerlərinə mahnılar bəstələnmişdir.

Ailəlidir.İki övladı var.

Oxuma bülbül
Bulaqlaın səsi, nazı,
Ələsgərin şirin sözü,
Dilləndirmə telli sazı,
Oxuma bülbül, oxuma.

Göyçə çiçəksiz qalıbdır,
Nərgiz ləçəksiz qalıbdır,
Elin-oban qocalıbdır,
Oxuma bülbül, oxuma.

Yandırar Cilin həsrəti,
Ayrılıq oldu qisməti,
Ağ bulağın zümzüməsi,
Oxuma bülbül, oxuma.

Lal görünər uca dağı,
Quruyub Pəri bulağı,
Yoxa çıxıb yay qaymağı,
Oxuma bülbül, oxuma.

Bahar fəsli dərələrdən,
Tüstü qalxmaz binələrdən,
Duman gəlməz çənlibeldən,
Oxuma bülbül, oxuma.

Çatmır o yerlərə əlim,
Belə lal olubdur dilim,
Saralıb-solubdur gülüm,
Oxuma bülbül, oxuma.

O, yamaclar çiçək açmaz,
Açan çiçək ləçək açmaz,
Cəh-cəh səsi şölə saçmaz,
Oxuma bülbül, oxuma.

Dağ çəkilib uca dağa ,
Dolu yağıbdır o bağa,
Qüssə qalıb oxumağa,
Oxuma bülbül, oxuma.

Dilləndiımə tar-kamanı,
Ahı tutacaq Mehmanı.
Qınamıram mən zamanı,
Oxuma bülbül, oxuma.