Ana Səhifə /Cillilər /Müəllimlər /İbrahimov Haqverdi

Post Title

İbrahimov Haqverdi Oruc oğlu-Cil kənd orta məktəbinin idman müəllimi.

Həyatı və fəaliyyəti

Haqverdi Oruc oğlu İbrahimov 1941-ci ilin yanvar ayının 1-də qədim Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1948-ci ildə Cil kənd 7 illik məktəbinin birinci sinfinə daxil olmuş, 1955-ci ildə həmin məktəbi bitirmişdir. Sonralar, təhsilini qonşu Ardaniş kəndində davam etdirmişdir. Ardanış kənd orta məktəbini bitirdikdən sonra Bakıya oxumağa gəlir. Haqverdi kinomexaniklik məktəbini bitirdikdən sonra Cil kəndinin, mədəniyyət klubunda zəhmətkeşlərə kino göstərməklə məşğul olur. Bu dövrdə o, kənd camaatının dərin hörmətini qazanmışdır.Bu işlə kifayətlənməyən Haqverdi təhsilini davam etdirmək üçün yenidən Bakıya üz tutur. O, Bakı İdman texnikumuna qəbul olur və həmin məktəbi bitirdikdən sonra Cil kənd orta məktəbində idman müəllimi kimi pedaqoji fəaliyyətə başlayır.

Gənclərlə işləyən Haqverdi müəllim, əsasən onların fiziki hazırlığı və təlim-tərbiyəsi ilə məşğul olur, məktəbdə idmanın müxtəlif sahələrinə aid komandalar hazırlayaraq rayondaxili yarışlarda iştirak edirdi və böyük uğurla qayıdırdı. Onun özü idmanın üzgücülük və xizək sürmə sahəsi ilə məşğul olurdu. Bu da yerli şəraitlə bilavasitə əlaqədar idi. Cil kəndinin Göyçə gölünün sahilində yerləşməsi üzgüçülüyün və ərazinin dağlıq relyefə malik olması, həmçinin qış aylarında qalın qar örtüyünün əmələ gəlməsi burada xizəksürmə işinin əlverişli olmasına gözəl şərait və imkan yaradırdı. Üzgücülük onun «xobbisi» idi.

Haqverdi müəllim bədii ədəbiyyata, saz-söz sənətinə, aşıq yaradıcılığına böyük maraq göstərərək, bu işi də yaxşı mənimsəmişdi. Gözəl saz çalardı, məlahətli səsi ilə bütün qohum-əqrəbanın sevimlisinə çevrilmişdi. Bütün məclislərimizin bəzəyi idi Haqverdi müəllim. Duzlu-məzəli söhbətləri və zarafatları ilə onu dinləyənləri heyran edərdi. Zarafatlarının mövzusunu həmsöhbətinin səviyyəsinə məharətlə uyğunlaşdırmağı bacarırdı. Bir gün evimizdə bir məclis qurulmuşdu. 1996-cı ilin iyul ayının 5-i idi. Anadan olmağımın 50 illik yubileyini qeyd etməyə toplaşmışdıq. Məclisdə qohumların bir qismi, dostlar, tanışlar və iş yoldaşlarım iştirak edirdi. Ailəmizi, yaxşı tanıyan, yaradıcılığımda böyük əməyi ola AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya institutunun direktoru akademik Budaq Budaqov da həmin məclisdə iştirak edirdi. Haqverdi müəllim zarafatlarını və söhbətlərini Budaq müəllimin səviyyəsinə uyğun o qədər duzlu, məzəli və maraqlı qurmuşdu ki, məclis üzvləri bərk xoşhal olmuşdular. Məclisi idarə edən İldırım Mərdanov Budaq müəllimə müraciət edərək mənim haqqımda söz deməyi xahiş etdi. Haqverdi müəllimin xoş söhbətlərindən doymayan, gülməkdən gözü yaşarmış Budaq müəllim sözünə belə başladı: «Tahir, 50 yaşın mübarək! Bura gələndə nələrisə deməyi planlaşdırmışdım. Haqverdinin söhbəti hər şeyi unutdurdu. Yalnız onu deməyi özümə borc bilirəm ki, xoşbəxt adamsan, ona görə ki, Haqverdi kimi qardaşın var». Həmin məclisdə də Haqverdi böyük həvəslə saz çaldı və oxudu. (Bir zamanlar böyük həvəslə baxdığım o yubiley lentinə daha baxa bilmirik. Əzizlərimizin bir neçəsi: Fərman, Niftalı və Haqverdi indi aramızda yoxdu). Haqverdi gözəl ailə başçısı idi. Həyat yoldaşı Dilbər xanım 40 ildir ki, gənc nəslin təlim tərbiyəsi ilə məşğul olur. Haqverdiyə qarşı çox diqqətli və mehriban idi. Bəzi məsələlərin həllində Haqverdiyə təsəlli verərdi və mənəvi dayağa çevrilərdi. Məlum hadisələrdə – mənfur və murdar ermənilər bütün Qərbi Azərbaycandan, o cümlədən, Göyçədən azərbaycanlıları dədə-baba yerlərindən qovanda hamı kimi Haqverdi də yerə-göyə sığmırdı. Həmin çətin anlarda Dilbər müəllimə Haqverdiyə ürək-dirək verərək onu sakitləşdirərdi, ona arxaya, dosta çevrilərdi. Haqverdi üç övlad atası idi. İki oğlu- Çingiz və Ramizlə, qızı Baharla həmişə fəxr edərdi. Haqverdi həyatın bütün iztirablarına dözə-dözə sevinməyi də bacarırdı. Onun Bakıda yaşayarkən ən böyük sevinci ilk nəvəsinin dünyaya gəldiyi gün olub. Nəvəsinə atamız Orucun adını qoyduğu gün onun sevincinin həddi-hüdudu yox idi. Nəvəsini «dədə» deyə çağırırdı. Haqverdi uşaqlarını oxutmuşdu, üçünə də ali təhsil vermişdi. Gəlinlərinə – Tahirəyə və Laləyə böyük hörmət və istəklə yanaşardı, qızı Bahar qədər onlara xoş münasibət göstərərdi. Balaca nəvəsi Əsməri də hədsiz dərəcədə sevirdi.

Bütün Göyçəyə, doğma Cilinə, bağlı-bağatlı həyət-bacasına, iki mərtəbəli, səkkiz otaqlı, böyük aynabəndli evinə sığışmayan Haqverdi Bakıda üç otaqlı mənzilə sığışdı. …. Allah-taala bunu da çox gördü ona! Ailəcanlı, qohumcanlı idi Haqverdi müəllim. Bir o qədər də dost qədri bilən idi. 1988-ci ilin dekabrında minlərlə soydaşı kimi qaçqına, köçgünə çevrilib doğma el-obasından didərgin düşəndə çox şeyini – gözəl ev-eşiyini, bağ-bağatlı həyətini, hər şeydən əvvəl isə uşaqlıq və gənclik xatirələrini, bir də əziz atasının və digər doğmalarının məzarlarını qoyub gəlmişdi. Dostları isə pərən-pərən düşmüşdü onun. Cah-cəlallı evinə Bakıda dəyişdiyi üçotaqlı mənzildə ilk günlər özünə yer tapa bilmirdi. Elə bil havası çatmırdı, divarlar sıxırdı onu. Belə günlərin birində allah bir təsəlli yetirdi ona. Qonşuluqda yaşayan özü kimi bir qaçqın soydaşı ilə tanış oldu. Dərdləşdilər, get-gəl elədilər, dostlaşdılar, axırda qardaş oldular Qəzənfər müəllimlə Haqverdi müəllim. O qədər doğmalaşdılar ki, bir-birindən ayrı tikələri də boğazlarından keçməzdi. Qəzənfər müəllim Haqverdi müəllimin duzlu-məzəli söhbətlərindən, məharətlə ifa etdiyi saz havalarından, məlahətli səslə oxuduğu aşıq mahnılarından doymaz, Haqverdi müəllim isə dostunun şerlərini dinləməkdən yorulmazdı. Dərdlərini bölüb yüngülləşər, sevinclərini bölüb çoxaldardılar. Aralarındakı yaş fərqi bu qırılmaz dostluğun işığında əriyib yox olmuşdu. Talelərinin bir çox məqamları üst-üstə düşən bu sadiq dostlar ölümləri ilə də dosta sədaqətlərini təsdiqlədilər. 2005-ci il hüznlü-kədərli bir tarixə çevrildi Haqverdi müəllimlə Qəzənfər müəllimin doğmaları, əzizləri üçün. Bir ilin içində ikisi də getdi. Haqverdi müəllimin qəfil ölümü sarsıtdı, yandırıb yaxdı Qəzənfər müəllimi. Qəzənfər müəllimin faciəli şəkildə həlak olmasından isə yaxşı ki, xəbər tutmadı Haqverdi müəllim. Yoxsa onun onsuz da parçalanmış ürəyi dost itkisinə dözə bilməzdi.

Qəfil dost itkisindən Qəzənfər müəllim göz yaşlarını qəlbinə axıdaraq ürəyinin göynərtisini misralara çevirib yazmışdı:

Vüqarın əyilməz dağ zirvəsiydi,

Pənahı sən idin qohum-qardaşın.

Sənin böyüklüyün haqq vergisiydi,

Uca tutulardı hörmətin, adın.

Amalın qeyrətdir, əqidən düzlük,

Vətən həsrətini ürəyə saldın.

Ömrün qısa oldu, yerin qəriblik,

Özünsə əbədi yaddaşda qaldın.

Taleyə, qismətə bax ki, Qəzənfər müəllimin bu misraları əvvəl Haqverdi müəllimin, sonra isə onun özünün məzar daşına həkk olundu. Fani dünya bu müqəddəs dostluğa qıydı. Ancaq Ulu Tanrının dərgahında Haqverdi müəllimlə Qəzənfər müəllimin ruhları bir-birinə çoxdan qovuşub. Hər ikisinin ailə üzvlərinin, əzizlərinin ziyarətgahı olan bu məzar daşları müqəddəs dostluğun əbədi simvoluna çevrilərək tarixlər boyu yaşayacaq.