Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Mazanov Abbas (Vəfadağlı)

Post Title

Mazanov Abbas Əli oğlu (Abbas Vəfadağlı) - Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri, şair.

Həyatı və fəaliyyəti

Abbas Vəfadağlı 1929-cu il martın 19-da Qərbi Azərbaycanda, Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra sıravi kolxozçu kimi işləmişdir (1943-1946).

1946-cı "1941/45-ci ili şərəfli əməyə görə" medalı ilə təltif edilmişdir.

Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə başa vurmuşdur (1946-1950). Texnikumu bitirib qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. Krasnoselo rayonunun Cil kənd yeddiillik məktəbində müəllim işləmişdir (1952-1955). Sonra Krasnoselo rayon Komsomol Komitəsinə katib seçilmişdir (1955-1958), Bakı Ali Partiya məktəbində təhsilini davam etdirmişdir (1958-1962).

Doğma Cil kəndində kolxoz sədri (1962-1975), Krasnoselo rayon İcraiyyə Komitəsinin sədri (1975-1983), Cil kənd sovxozunda direktor (1983-1988) işləmişdir. Azərbaycanlılar ellikcə Azərbaycanın Xanlar rayonunun Şəhriyar kəndinə köçdükdən sonra isə orada kənd sovet sədri, Çaykənd kəndində kolxoz sədri (1991-1993), Şəhriyar kəndində sovxoz direktoru (1994), Xanlar rayonunda Kənd Təsərrüfatı İstehsalat İdarəsində rəis müavini olmuşdur (1994-1998).

Hazırda fərdi yaradıcılıqla məşğuldur.

Yaradıcılığı

Bədii yaradıcılığa kiçik yaşlarından başlamışdır. İlk mətbu şeiri "Arzular" 1965-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxmışdır. Bundan sonra dövri mətbuatda şeir, oçerk və məqalələrlə çıxış etmişdir. İlk qələm təcrübələrini Abbas Mazanov imzası ilə dərc etdirmişdir. 60-cı illərdən Vəfadağlı təxəllüsünü qəbul etmişdir.

Kitabları

•"Göyçə kimi intizarda elim var", Bakı, "Gənclik" nəşriyyatı, 1999.

•"Gözləri həsrətli, naləli Göyçə”, Bakı, 2009

Məqalələri

•"Göyçə qətliamı", "Ülfət" qəzeti, 2 aprel 2004-cü il.

•"Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, №4, 2010-cu il. səh.48-51.

•"Aşıq Alı sorağında", Dünya qəzeti. 19 mart 2011-cu il. № 34-35,

(wikipedia.org)

Göyçə

Elimin,günümün yadigarısan,
Sənsən vəfadarım,vəfalı Göyçə.
Qüdrətin kərəmi bəxş edib sənə,
Hüsnü,gözəlliyi,kamalı Göyçə.

Günəşin nurusan,ərşin mehtabı,
Güllərin andırır Quran kitabı,
Buludlar çöhrənə tutub nibabı,
Abırlı,ismətli,həyalı Göyçə.

Sənin də mənim tək vardır məlalın,
Misgin,Məhərrəmin,Nəcəfin,Alın,
Yunis,Əsəd kimi cahın-cəlalın,
Aşıq Ələsgərin mahalı Göyçə.

Sənsən elim-günüm,evim-eşiyim,
Çağlayan qoynunda cəkdin keşiyim.
Sən anamsan, Göyçə gölü beşiyim,
Nəğməli,dastanlı,laylalı Göyçə.

Çox olur mehmanın,heç gəlməz sana,
Hüsni-gözəlliyin sığma dastana,
Nə küskün baxırsan Azərbaycana,
Gözləri həsrətli naləli Göyçə.

Mən bir pərvanəyəm,sən bir çıraqsan,
Qəlbimlə əbədi bir yanacaqsan,
Məzar daşıma da yazılacaqsan,
Abbasın fikiri,xəyalı Göyçə.
1996-cı il.