Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Mehdiyev Vahid

Post Title

Mehdiyev Vahid Saleh oğlu.

HƏR ŞEY DƏYİŞƏRMİŞ ZAMANA KİMİ

Qədim oğuz torpağının başı nələr çəkməyib...Tarixən bu yurdun övladları yadellilərə qarşı həmişə ayıq-sayıq və amansız olmuşlar.Ulu Dədə Qorqud öz deyimlərində təpəgözlər, divlərə qarşı basatların, beyrəklərin vuruşduğu qəhrəmanlıq səhnələrini təsvir edir.

Bu təpəgözlər əl çəkmir ki, çəkmir.Torpağımızı qıyma-qıyma doğramağa, çapıb-talamağa can atır.Əsrlər boyu bu döyüşlər, bu savaşlar davam edib, bu gün də edir.Və yenə də davam edəcəkdir.Çünki təpəgöz adlanan ermənilər hiyləgər, yırtıcı, zalım, olduqca məkrli bir xalqdır.Ona yaxşılıq etmək aldanmaq deməkdir.

Az aldanmamışıq.Bu aldanışlar nəhayət, bizi yaman günlərə qoyub.Göyçəmiz, Qaraqoyunlumuz əldən gedib, neçə-neçə mahallarımız üstündə Ermənistan dövləti yaradılıb.

Eh...Nə isə mətləbdən uzaq düşməyək.Söhbət şəhid balamız Vahiddən gedir.Əslində Vahidin şəhid olmasına da səbəb erməni xəyanəti deyilmi?

Vahid arxasını Şah dağına söykəyən, Göyçə gölünün camalına güzgü tutan doğma kəndini çox sevərdi.Onun dərələrdən süzülüb gələn nəğməkar çaylarını, alamlı-armudlu bağlarını, aydın səmasını məhəbbət çələngi edib can evinə toplamışdı.Onda göyçəlilərə məxsus təbiətə, gözəlliyə bir dəli vurğunluq vardı.Göyçə gölün şıltaq ləpələrinə bir gün baxmasa, Şah dağının çəninə üzünü tututb ciyərinə çəkməsə o günü gün saymazdı...

Vahid Saleh oğlu Mehdiyev 1975-ci ildə bu kənddə doğulmuşdu.Burada düz 13 il yaşadı.”Pəri bulağı” kimi Gəncədən belə tanınmış gur sulu bulağın və ona yaxın ərazilərin başı üstünə qara buludlar çökmüşdü.Erməni buludu, erməni xıyanətinin qaş-qabağı Cilin də səmasına yeridi.Bütün eloğulları kimi Vahid də doğma kəndini tərk etməyə məcbur edildi.Silah altında evini-eşiyini, varını-dövlətini atıb göynəyə-göynəyə Şahdağ gədiyindən qarlı-boranlı dekabrda Gədəbəyə aşdı.

Cil kəndində orta məktəbin 1-ci sinfinə gedən Vahid 1988-ci ildə Xanlar rayonunun Mirzik kəndində 7-ci sinfə getdi, 1992-ci ildə orta məktəbi bitirdi.

Vahid Vətən həsrəti ilə alışıb yanırdı.Göyçə ilə bağlı şeirləri əzbərləyir, cibində gəzdirirdi.Sevdiyi şeirlərdən birini həmişə əzbərdən deyərdi.

Dostlar, gördüyünüz bu hisli divar,
Doğmadır ömrümə bir ana kimi.
İnsan qocalarmış, ömür keçərmiş,
Hər şey dəyişərmiş zəmanə kimi.

Burda laylalara daldığım günlər,
Dalaşıb qalmaqal saldığım günlər.
Sinəmə saz basıb çaldığım günlər,
Gəlir xəyalıma əfsanə kimi.

Atamı axtardım qəlbimdə fəraq,
Anam görünmürdü, yanmırdı çıraq.
Oynayıb güldüyüm bu doğma ocaq,
Məni qarşıladı biganə kimi.

Necoldu Göyçənin yanan çırağı,
Çəkildi sinəmə silinməz dağı.
Nə Vəfadağlı, nə Vəfa dağı,
Qalmışam sərkəndar, divanə kimi.

Vahid qisas hissi ilə 1993-cü il iyul ayında cəbhəyə yola düşdü.Əziz Qarabağımız uğrunda gedən döyüşlərə atıldı.

Həmin dövrdə qardaşı Əli də Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak edirdi.Əli 1994-cü ildə Seyid Əhmədli kəndi uğrunda gedən döyüşlərdə sağ ayağından güllə yarası aldı.Müalicə üçün Sahil qəsəbəsinin qospitalına gətirildi.

Qardaşının yaralandığını eşidən Vahid düşmənə qarşı daha cəsarətlə vuruşurdu.O, doqquz ay iyirmi gün müxtəlif döyüşlərdə iştirak etdi.Cəbhə dostlarının hörmətini qazandı.Qoçaq, cəsur bir türk əsgəri olduğunu öz əməllərində təsdiq elədi.1994-cü il aprelin 24-də Tərtərin Səhləbad kəndi yaxınlığında gedən döyüşlərdə xüsusi təyinatlı batalyonun qəhrəman əsgəri kimi həlak oldu.

Hal-hazırda Göy-göl rayon mədəniyyət evi Vahidin adını daşıyır.

Eldar İsmayıl
Şəhid Yurdun Şəhid övladları kitabından