Ana Səhifə /Cillilər /Şairlər /Rüstəmov Fərman

Post Title

Rüstəmov Fərman Abbas oğlu - Yaxşılardan uzaq olsun dərd-qubar!

Elimizin fəxri, gözəl insan, Vaqif Qasımova xitabən!!!

Göyçənin
Sən Göyçədə göz açmısan cahana,
Sevinc bəxş etmisən neçə insana.
Şöhrətin yayılıb Azərbaycana,
Haqqımız var sənlə edək iftixar,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Cil kəndində pohrələndin, boy atdın,
Halal zəhmətinlə arzuna çatdın.
Harda oldun adımızı ucaltdın,
Boyuna biçilib əzəmət, vüqar,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Kamillik məktəbin bitirmisən sən,
Çoxların düz yola gətirmisən sən,
Ümidsizə şəfa yetirmisən sən,
Vaqif əmi, ürəklərdə yerin var,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Sayəndə arzular kama yetişdi,
Sınmış könül qaynaqlandı, bitişdi,
Ulu Tanrı duaları eşitdi,
Şükur sona çatdı həsrət, intizar,
Yaxşılardan uzaq olsun dərd-qubar.

El-oba yolunda daim can qoydun,
Nə şöhrətə uydun, nə şana uydun,
Məzluma can deyib, dərdini duydun,
Sən qarlı zirvəsən, köksündə bahar,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Məsəl var ki, ot kök üstündə bitər,
Soy kökün var, ulu, həm də mötəbər,
Sənə bu dünyada dəyməsin nəzər,
Vaqif əmi, çox savab işlərin var,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Səxavət, mərhəmət sahibi oldun,
Möhtac olanların qeydinə qaldın,
Ölümün əlindən çox ömür aldın,
Fəxr edirik, sən tək dayağımız var,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Ziyalı, "şəxsiyyət" çoxdu mahalda,
Dar gündə çoxları gizlənər dalda,
Göyçəlilər yaxşı bilir, hər halda,
Boynumuzda sənin haqqı-sayın var,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Göyçəli Fərmanam, mən də Cilliyəm-
Şirin söhbətliyəm, şirin dilliyəm,
Fəxr edirəm şəninlə bir elliyəm,
Vaqif əmi, Allahdan bir arzum var,
Yaxşılardan uzaq olsun dərd-qubar.

Fərman RÜSTƏMOV