Ana Səhifə /Cillilər /Vəzifəli şəxslər /Tanrıverdiyev Əli

Post Title

Tanrıverdiyev Əli Məmli oğlu- Cil kənd Sovetinin sədri.

Həyatı və fəaliyyəti

Tanrıverdiyev Əli Məmli oğlu (Məmli oğlu Əli) 09 mart 1929-cu ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur.İbtidai təhsilinə Cildə başlasa da,orta məktəbi 1952-ci ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində başa vurmuşdur. Əmək fəaliyyətinə Əli Məmli oğlu çox erkən yaşlarından başlamışdır. Böyük Vətən müharibəsi illərindən sonra ölkənin hər yerində olduğu kimi Göyçədə də insanların yaşayışı ağır olduğundan, uşaqlar uşaqlıqlarını indiki dövrümüzdən fərqli olaraq müxtəlif əyləncələrlə yox, ağır fiziki əməklə məşğul olmaqla keçirirdilər.Əlbətdə, bunlardan biri də Əli idi. Ailənin tək oğlu olan Əli Məmli oğlu üzərinə düşən məsuliyyəti dərk edirdi. Xəstə valideynlərini və bacısını dolandırmaq üçün ağır çətinliklərə sinə gərməli idi. O, öz zəhməti ilə, hələ erkən yaşlarından o zamankı qabaqcıl zəhmətsevər insanların diqqətini özünə cəlb etdirməyi bacarmışdır.

1957-ci ildə Sov. İKP -nin sıralarına qəbul edilmişdir. Əmək fəaliyyəti dövründə Kitabxana müdüri, Kənd soveti sədrinin katibi, Partiya Təşkilat Katibi və maldarlıq fermasının müdüri, uzun illər Kənd sovetinin sədri, Sevan gölü hövzəsinin müfəttiş inspektoru, qoyunçuluq fermasının müdiri və s. bu kimi vəzifələrdə çalışmışdır. Öz halal əməyi ilə yüksələn nümunəvi ailə başçısı, vətənpərvər, qayğıkeş insan, həmişə dövlət, xalq mənafeyini öz şəxsi mənafeyindən üstün tutan Məmli oğlu Əli el-oba içərisində və mahalda kişilik, mərdlik simvoluna çevrilmişdir. 1988-ci ildə Qərbi Azərbaycandan (Ermənistan SSR) erməni quldurlarının azərbaycanlıları öz ata-baba yurdlarından kütləvi köçürmələri nəticəsində Bakıya köçməyə məcbur olmuşdur. Qəlbi daim vətən, el-oba həsrətilə döyünən Əli Məmli oğlu uzun sürən xəstəlikdən sonra 29 fevral 2003-cü ildə Bakıda vəfat etmişdir.

Valideyn kimi 8 övladının hamısını tərbiyəli, zəhmətkeş, vətənpərvər ruhda böyüdüb boya-başa çatdırmışdır. Övladları hal-hazırda müxtəlif dövlət orqanlarında və başqa sahələrdə fəaliyyət göstərirlər. Səmimiyyətləri, vətənpərvərlikləri ilə daim öz işlərində də ataları Əli Məmli oğlu kimi hörmət qazanmış, ad-san çıxarmışlar.