Ana Səhifə /Cillilər /Şairlər /Zəki İslam

Post Title

Zəki İslam - Şair.

Həyatı və yaradıcılığı

Zəki İslam oğlu Yusifov 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub.

Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Uzun müddət kolxoz-sovxozlarda rəhbər vəzifələrdə işləmişdir.

Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatılır. Şeirlərini əsasən dini mövzuda yazır.

Zəki İslam Məşədi, Kərbəlayi və Hacıdır.

Zəki İslam müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifi kimi məşhurdur.

Zəki İslamın indiyəcən yazdığı müxtəlif mövzu və janrlarda olan şeirləri və poemaları toplanmış və toplanmaqdadır.

Əsərləri

• Göyçənin tonqalı sinəmdə yanır. Bakı-1995.

• Əlim tanrı ətəyində, Bakı, "Önər", 1995.

• Ziyarətgahlarım mənim. Bakı-1996.

• Ziyarətgahlarım mənim. Tehran-1997. fars əlifbası ilə

• Məktublar, cavablar, yeni şeirlər. Bakı-2001.

• Seçilmiş əsərləri. I cild. – Bakı : Asiya, 2005. 799 səh.

Məqalələri

• "El şairi Miskin Abdal", "Günaydın" qəzeti, №27-28, 28-30 aprel və 1-4 may 1998-ci il.

Mənbə

• Misir Subatanlı "Mən Vətəndə vətənsizəm", Mingəçevir-2002. səh. 5-122.

• Savalan Talıblı "Tanıdığım və tanımadığım Zəki İslam". Kaspi qəzeti. № 100(1807). 11 iyun 2008-ci il.

Yaradıcılığı

Göyçə
Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim "Göyçə"!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var,
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim, Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə
Açılıbdı gülüm, Göyçə!

Zəki qurban ocağına,
Dörd küncünə, bucağına,
Balan kimi qucağına,
Darıxıram gəlim, Göyçə!

wikipedia.org