Ana Səhifə /Şəhidlər /Qarabağ uğrunda /Zeynalabdıyev Mehbalı

Post Title

Zeynalabdıyev Mehbalı Məhərrəm oğlu.

İGİD KƏŞFİYYATÇI

1988-ci ilin qəfil qopan erməni qasırğası ulu oğuz diyarı Göyçəni yerindən oynadanda Mehbalı hələ Cil kənd orta məktəbində oxuyurdu.Haqsızlıq ucbatından məhvərindən çıxan dünyanın ağrı-acısını 14 yaşında ikən dadan Mehbalı Məhərrəm oğlu Zeynalabdıyev (1974-cü ilin 27 mayında doğulmuşdur) orta təhsilini Bakıdakı 9 saylı orta məktəbdə başa vurdu.O, 1992-ci ilin iyun ayında cəbhəyə çağrıldı.İlk döyüş sentyabrın 5-də Laçında oldu.Sonralar isə döyüş yoldaşları ilə birlikdə Gəray, Filman, Pircahan, Mollalar, Qoqaz, Sus, Soyuqbulaq kəndləri uğrunda vuruşdu, özünün cəsurluğu, şücaəti ilə əsgər və zabitlərin dərin hörmətini qazandı.

1993-cü ilin aprelində Murov dağındakı döyüşlərdə fərqləndi.Mehbalı həmin ilin sonunda Kəlbəcər uğrunda yenidən başlanan döyüşlərdə kəşfiyyat tağımı komandirinin müavini oldu və xüsusi şücaət göstərdi.Əməliyyat zamanı düşmənin 2 ədəd pulemyotu, xeyli sursatı ələ keçirildi.Mehbalı Yanşaq kəndi uğrunda gedən döyüşlərdə ağır bir sınaqdan çıxdı.Susuzluq dağında yeddi gün ac-susuz düşmən arxasında qaldıqdan sonra, yaşayış məntəqəsinə girib düşmənin 1 MP-ni, 2 nəqliyyat maşınını və hərbi sursatla dolu olan mövqeyini ələ keçirdi.

Füzuli bölgəsində yüksəkliyin alınması zamanı gecə öz kəşfiyyatçı yoldaşları ilə düşmənin arxasına keçərək, erməni quldurlarını çaş-baş saldı.Mehbalı bu döyüşdə şəxsən 6 düşmən əsgərini məhv etdi.

Kəşfiyyat tağımının komandiri vəzifəsinə təyin edilən Mehbalı öz əsgərləri ilə Ağdamın Əmirli kəndinnə kəşfiyyata yollandı.Leytenant C.Bayramov və baş leytenant R.Nəsibov həmin günü belə xatırlayır:”Mehbalı öz əsgərləri ilə birgə Nəmirlidə yerləşən düşmənin mövqeyini, texnika və sursatlarının miqdarını öyrənib komandanlığa məlumat verdi.Döyüş başlananda isə o, təkbaşına pulemyot və qumbaraatanla düşmənin atəş nöqtələrini susdurdu, xeyli yaralının döyüş yerindən çıxarılmasına şərait yaratdı.Əl qumbarası ilə 3 erməni məhv edərək, 3 yaralı və 2 döyüş yoldaşının meyidini güllə yağışı altından çıxardı.Fəqət yoldaşlarını xilas edən cəsur komandir özü qəhrəmancasına həlak oldu”.

Mehbalının xidmətləri layiqincı qiymətləndirildi.Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə baş çavuş Zeynalabdıyev Mehbalı Məhərrəm oğlu ölümündən sonra "Azərbaycan bayrağı” ordeni ilə təltif edildi.Bakı şəhərinin keçmiş Oktyabr küçəsi indi cəsur kəşfiyyatçının adını daşıyır.

Nizami küçəsindəki yaşadığı evin önünə xatirə lövhəsi vurulmuşdur.Mehbalı Bakıda Şəhidlər xiyabanında uyuyur.Atası Məhərrəm kişi, anası Zəhra xanım, qardaşları Əli, Vəli, Seyfəli, bacıları Qəndab, Tamara, Dilbər şəhidlik zirvəsinə yüksəlmiş, böyük qəhrəmanlıqlar göstərmiş Mehbalı ilə fəxr edirlər.

Məqalə Fərzalı Rüstəmli tərəfindən yazılmışdır.